RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.09.2019]

AMEA-nın Radiasiya Problemləri İnstitutu AEBA-nın Baş Konfransının 63-cü sessiyasında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 63-cü sessiyasında iştirak ediblər. Avstriya Respublikasının Vyana şəhərində keçirilən və AEBA-ya üzv olan 168 ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi Konfransda ölkəmizi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi və AMEA-nın Radiasiya Problemləri İnstitutu və Biofizika İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sözügedən Baş Konfransda çıxış edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə AEBA ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Konfrans çərçivəsində Azərbaycan Respublikası nümayəndə heyəti ilə Türkiyə Respublikasının nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı nüvə elmlərinin inkişaf etdirilməsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Daha sonra AEBA-nın Texniki Əməkdaşlıq, Nüvə və Radiasiya Təhlükəsizliyi və Təminatlar departamentləri ilə keçirilən ikitərəfli görüşlərdə Azərbaycan Respublikasında radiasiya və nüvə təhlükəsizliyinin AEBA-nın standartlarına uyğun qurulması vurğulanıb.

AEBA-nın Təminatlar Departamentində keçirilən görüşdə Təminatlar sahəsində Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə AEBA-nın Təminatlar Departamenti arasında işgüzar əlaqələrin mövcudluğu təsdiq edilib, Texniki Əməkdaşlıq Departamentində keçirilən görüşdə mövcud layihələrin icra edilməsi və gələcək milli və regional layihələrdə Respublikamızın aidiyyatı qurumlarının iştirakı müzakirə olunub.

Baş Konfrans zamanı AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentində keçirilən işgüzar görüşdə isə yaxın zamanlarda Nüvə Təhlükəsizliyi Departamenti ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu arasında təlim və tədris sahələrini əhatə edəcək əməkdaşlığın yaradılmasına dair ilkin razılıq əldə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.