RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.10.2019]

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir - 3

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclasları davam edir.

Müvafiq qrafik üzrə keçirilməsi nəzərdə tutulan iclasların üçüncüsü bu gün baş tutub.

İclasda əvvəlcə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını 18 Oktyabr – Milli Müstəqllik Günü münasibəti ilə təbrik edib, eyni zamanda bu günün tarixi və Azərbaycan xalqı üçün önəmindən danışıb.

Sonra çıxış edən "Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov laboratoriya tərəfindən cari ilində aparılan tədqiqatlar və görülən işlər haqqında geniş məlumat verib.

M.Qurbanov qeyd edib ki, laboratoriya 2019-cu ildə aparılan tədqiqatların yekununda 2 nəticə əldə edib. Hesabat ilində laboratoriya əməkdaşları tərəfindən 7-si xaricdə olmaqla, ümumilikdə 10 məqalə və 1 tezis çap etdirilib.

İclasda çıxış edən sözügedən laboratoriyanın aparıcı elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədov isə “Üzvi çirkləndiricilərin su mühitində radiasiya və fotokimyəvi çevrilmə proseslərinin kinetika və mexanizminin tədqiqi” mövzusunda aparılan “Təbii dozimetr kimi istifadə olunan diş emalında şüalanma zamanı əmələ gələn CO2 mənşəli paramaqnit mərkəzlərinin öyrənilməsi” adlı tədqiqat işi haqqında iclas iştirakçılarına geniş məlumat verib.

Sonra “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev çıxış edərək rəhbərlik etdiyi laboratoriyanın cari ildəki səmərəli fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 2019-cu ildə laboratoriyada 1 mövzu üzrə 2 tədqiqat işi aparılıb, 4 nəticə əldə edilib və 4-ü xaricdə olmaqla 8 məqalə və 7 tezis çap olunub.

T.Ağayev çıxışının sonunda laboratoriya əməkdaşlarının elmi fəaliyyətlərinə dair Google Scolar platformasında əksini tapmış məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən “Radiobiologiya” laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov rəhbərlik etdiyi laboratoriyanın 2019-cu ildəki elmi fəaliyyəti, beynəlxalq əlaqələr və kadr hazırlığı sahəsində gördüyü işlər haqqında məlumat verib. E.Cəfərov bildirib ki, cari ildə laboratoriya əməkdaşları tərəfindən 1 nəticə əldə olunub, 9-u xaricdə olmaqla ümumilikdə 10 məqalə və 4 tezis çap etdirilib, eləcə də “Radiasiya dozimetriyası və radiasiya təhlükəsizliyi” (müəllif: E.S.Cəfərov) adlı kitab çapa təqdim edilib.

Sonra çıxış edən sözügedən laboratoriyanın əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Rzayev “Müxtəlif dozada şüalandırılmış tozcuqların bəzi taxıl və çaytikanı bitkisində hibrid əmələgəlməyə və çaytikanı tumurcuqlarına mutasiya təsirinin öyrənilməsi” adlı tədqiqat işi haqqında məlumat verib. N.Rzayev həmçinin bildirib ki, bu tədqiqat işinin yekununda 9 nəticə əldə edilib, 2 məqalə çap olunub və 3 patent alınıb.

İclasın sonunda “Radioprotektorlar” laboratoriyasının rəhbəri, kimya elmləri namizədi, dosent Asim Abdullayev çıxış edərək laboratoriyanın 2019-cu ildəki fəaliyyəti, aparılan tədqiqatlar və əldə olunmuş nəticələr haqqında məlumat verib. Bildirib ki, laboratoriya cari ildə aparılmış tədqiqatların yekununda 3 nəticə əldə edib və həmin nəticələrin tətbiq sahəsini araşdırıb, eləcə də 3 məqalə və 4 tezis çap etdirilib, 3 məqalə xaricdə çap planına salınıb,1 patentə isə müsbət rəy alınıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.