RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.06.2020]

Akademik Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub

Adil QəribovAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il martın 27-də akademik A.Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncam imzalayıb. 02.06.2020-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ”Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribova “Şöhrət” ordenini təqdim edib.

Akademik A.Qəribovun bütün elmi fəaııiyyəti AMEA Radiasiya Problemləri İnstitutu ilə bağlıdır. Belə ki, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyası Radiasiya Tədqiqatları Sektorunun fiziki kimya ixtisası üzrə aspiranturasına qəbul olunan A.Qəribov. 1979-cu ildə «Seolit və tərkibində seolit olan katalizatorları qammaşüaların təsirini tədqiqi» mövzusunda namizədlik, 1995-ci ildə isə «Oksid və metal-oksid sistemlərinin səthində maddələri radiasiya-katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunayuğunluqları» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1977-ci ildən Azərbaycan EA Radiasiya Tədqiqatları Sektorunda əvvəlcə kiçik elmi işçi, baş elmi işçi və sonra isə «Radiasiya heterogen prosesləri» laboratoriyasının rəhbəri vəzifələrində işləmişdir. 1998-ci ildə «Radiasiya kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür. 2002-ci ildən 2014-cü ilədək Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 2007-ci ildə «Radiasiya kimyası» ixtisası üzrə AMEA-nın müxbir, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. 2014-cü ildən. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində ”Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri təyin edilmişdir.

A.A.Qəribov tərəfindən yüksək enerji tutumlu neftkimya proseslərinin atom enerjisi vasitəsilə effektivliyini yüksəltmək və enerji təminatının elmi əsaslarını yaratmaq məqsədilə seolit və tərkibində seolit olan katalizatorlarda yeni protodonor, elektronaskseptor mərkəzlərinin yaradılmasının yeni radiasiya-kimyəvi üsullarını aşkar edilmişdir. Alınmış nəticələr neft karbohidrogenlərinin krekinqi proseslərinin effektivliyini artırmağa imkan verir. Onun tərəfindən ilk dəfə oksid katalizatorların radiasiya-katalik təsiri mexanizmi və radiasiya-katalitik proseslərin, həmin proseslərdə enerji çevrilməsi, daşınması proseslərinin ümumi qanunayuğunluqları aşkar olunmuşdur. Radiasiya katalitik proseslər üçün katalizator seçilməsinin elmi əsaslarını işləyib hazırlamışdır. A.A.Qəribov atom enerjisinin universal enerji daşıyıcısı olan hidrogen vasitəsilə effektiv çevirib istifadə etməyə imkan verən suyun radiasiya heterogen parçalanma proseslərinin elmi əsaslarını işləyib hazırlamışdır. Onun tərəfindən metan, metan-su buxarı qarışığının radiasiya katalitik parçalanma prosesləri tədqiq olunmuşdur.

A.A.Qəribov nüvə reaktorlarının təhlükəsizliyi problemi üzrə istilikayırıcı elementi ilə istilik daşıyıcısı təmasında gedən radiasiya hidrogen proseslərini reaktor materiallarını normal və qəza rejimlərində müdafiəsi, eləcə də oksilləşməsində və reaktor daxilində hidrogen əmələ gəlməsində rollarını aşkar etmişdir. Alınmış nəticələr əsasında yeni hidrogen-nüvə tipli atom energetik reaktorların elmi əsaslarını və su ilə soyudulan nüvə reaktorlarının normal və qəza rejimlərinin ssenarilərinin işlənib hazırlanması üçün elmi tövsiyələr vermişdir.

Professor A.A.Qəribov uzun müddət Rusiya İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutu, sonralar «Kurçatov elmi mərkəzinin» Hidrogen Energetika və Plazma Texnologiya İnstitutu, Rusiya EA Kimyəvi Fizika İnstitutu, M.V.Lomonosov adına MDU-nın «Radiasiya kimyası» kafedrası ilə birlikdə işləmişdir.

Qəribov respublika ərazisinin radiasiya təhlükəsizliyi üzrə çoxlu tədqiqat işləri aparmış və bu problem üzrə elmi əsaslanmış məsləhətlər vermişdir. Onun tərəfindən ekoloji nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən CO2-nin radiasiya-katalitik parçalanıb enerji daşıyıcısı və kimyəvi sintez üçün istifadə oluna bilən CO-ya çevrilmə proseslərinin kinetikası və mexanizmi işlənib, hazırlanmışdır.

Professor A.A.Qəribov 200-ə qədər keçmiş SSRİ-nin və xarici ölkələrin jurnallarında çap olunmuş elmi məqalələrin və o cümlədən 10 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun aldığı nəticələr üç dəfə SSRİ Elmlər Akademiyası, dəfələrlə isə Azərbaycan EA tərəfindən ən mühüm elmi nəticə kimi qeyd olunmuş və illik hesabatlara daxil edilmişdir.

Alimin elmi kadrların hazırlanmasında xidmətləri böyükdür. Onun rəhbərliyi altında 10 elmlər namizədi, 1 elmlər doktoru hazırlanmışdır.

Radiasiya Problemləri İnstitutunun elmi istiqamətlərinin, kadr potensialının formalaşmasında əvəzsiz xidmətləri olan akademik Adil Qəribovu 70 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə institutun bütün kollektivi ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömr, akademik və təşkilati fəaliyyətində uğurlar, ömrünün müdrüklük çağında da gənclik həvəsi ilə çalışmaq arzulayır.

“70” yaşınız mübarək, hörmətli Adil müəllim!!!




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.