RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.06.2021]

AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 80 yaşı tamam olur

30.06.2021

Bu gün ölkəmizdə torpaq ehtiyatlarının öyrənilməsi üzrə tanınmış alim, Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 80 yaşı tamam olur.

Mahmud Abdulla oğlu Abdullayev 30 iyun 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun aspiranturasına daxil olaraq 3 il müddətinə keçmiş SSRİ EA-nın Moskvadakı Biofizika İnstitutunda “Radiobiologiya” ixtisası üzrə aspiranturaya göndərilib.

O, 1980-ci ildə Moskva Dövlət Universitetində “Torpaqşünaslıq” ixtisası üzrə dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru, 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda isə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsini alıb. 2007-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

M.Abdullayev Azərbaycan Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasında texnik-kartoqraf, mühəndis-torpaqşünas vəzifəsində çalışıb. 1967-1971-ci illərdə AR Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib, burada respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparıb. O, 1989-cu ildən AR KTN ET Əkinçilik İnstitutunda böyük elmi işçi, qrup rəhbəri və aparıcı elmi işçi vəzifələrində çalışıb. Alim 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində işləyib, o dövrdən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun və AR KTN ET Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq dissertasiyalarının müdafiəsi Şurasının üzvü olub. 2009-cu ildə müsabiqə yolu ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasına müdir vəzifəsinə seçilib. 2012-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibinin müavini işləyib.

M.Abdullayevin elmi fəaliyyəti torpaq ehtiyatlarının öyrənilməsinin çox sahələrini əhatə edir. Belə ki, o, süni və təbii radionuklidlərin Azərbaycanın torpaq-bitki sistemində yayılması və miqrasiyasına dair elmi-tədqiqat işləri aparıb. Mineral gübrələri müxtəlif normalarda tətbiq edərək, məhsuldarlığın artması ilə yanaşı, məhsulda süni və təbii radionuklidlərin toplanmasının xeyli miqdarda azalmasına nail olub. Onun tərəfindən stronsium-90 və sezium-137 radionuklidlərinin Azərbaycan torpaqlarında yayılmasını göstərən xəritələr hazırlanıb və onlar Azərbaycanın Ekoloji Atlasına daxil edilib.

Alimin 80-dən artıq elmi əsəri, o cümlədən 4 monoqrafiyası ölkəmizdə və xaricdə dərc olunub.

M.Abdullayev Azərbaycanda torpaqşünaslıq və radiasiya elmlərinin inkişafı sahəsində xidmətlərinə görə, AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Tanınmış alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© www.science.gov.az