RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.09.2023]

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Vətən müharibəsi və rəşadətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanından danışıb, əsgər və zabitlərimizlə daima qürur duyduğunu bildirib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə son günlərdə aparılan antiterror əməliyyatlarına da toxunan İ.Mustafayev yeni hərbi qənimətlərin əldə olunduğunu, həmçinin qısa bir zamanda zəfərlə yekunlaşdığını bildirib. Qeyd edib ki, artıq üçrəngli müqəddəs bayrağımız Xankəndində dalğalanmaqdadır.

Daha sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Xalq, Prezident və Ordu birliyinin 44 günlük Vətən müharibəsində həlledici rol oynadığını bildirib. Öz çıxışında son 200 illik tariximizdə erməni millətçilərinin mənfur siyasətindən və ərazi iddialarından danışan R.Mehdiyeva vurğulayıb ki, Müzəffər Ali Baş Komandan yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail olub.

Anım tədbirində İnstitut əməkdaşı olan I və II Qarabağ müharibəsi iştirakçıları, həmçinin qazi valideyinləri çıxış edərək Azərbaycan ordusunun şanlı zəfəri haqqında fikir bildiriblər, həmçinin Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhidlik mərtəbəsinə ucalmış qəhrəmanlarımızın əziz ruhlarına ehtiramlarını bildiriblər.

Qeyd edək ki, tədbirdən əvvəl İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri II Fəxri Xiyabanda Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.