RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.03.2015]

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

     Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan 31 mart 1998-ci il martın 26-dan etibarən soyqırım günü kimi qeyd edilir.
     1918-ci ilin martında erməni daşnakları Bakıda kütləvi qırğınlara başladılar. Həmin gün təkcə Bakıda 12 min insan məhv edildi. Xarici mənbələrdə isə bu say 25 min göstərilir. Amma bolşevik-daşnak birləşmələrinin törətdiyi vəhşiliklər tək Bakı ilə məhdudlaşmadı. Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəranda da qətliamlar törədildi. Dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürüldü, 72 kənd dağıdıldı, Quba qəzasının isə 122 kəndi yandırıldı. Sentyabra qədər davam edən qırğınlar zamanı 50 mindən çox insanın qətlə yetirildiyi bildirilir. Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını aldı. İslam Ordusu 1100 əsgər, 30 zabit qurban verdi. Minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə məhv edildi.
     31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq AMEA-nın Radiasiya Problemləri İnstitutunda anım tədbiri keçirilib. Tədbiri institutun direktoru akademik Adil Qəribov açaraq ermənilərin tarixən azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən, repressiyadan, departasiyalardan və ərazilərimizi zəbt etməsindən danışdı.
     Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini f.ü.f.d. dosent Rəvan Mehdiyeva, Quba Soyqırım məzarlığında aparılan tədqiqatlarla bağlı məlumat verdi. O, institut əməkdaşlarını institut tərəfindən alınmış yeni avadanlıqlardan istifadə etməklə tarıxı abidələr üzərində və o cümlədən Quba Soyqırım məzarlığında tədqiqatlarin aparılmasına, həqiqətlərin üzərə çıxarılmasına və bütün dünya ictimaiyyətinə çatdirilmasına çağırdı.
     İnstitutun laboratoriya rəhbəri professor Arif Məhərrəmov hələ bu günə kimi heç bir mətbuatda açıqlanmayan soyqırımla bağlı faktları institut əməkdaşlarının nəzərinə çatdırdı. O gəncləri tariximizi yaxşı bilməyə, daima ayıq-sayıq olmağa və dünyanın hər bir yerində Azərbaycanı savadlı və tarixi faktlara əsaslanaraq təmsil etməyə səslədi.