RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.07.2019]

"Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupu yeni nəticələr əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupu yeni nəticələr əldə edib.

Belə ki, sözügedən qrupun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova Elektron Paramaqnit Rezonans və Termoluminessensiya metodlarından istifadə edərək Neolit dövrünə aid arxeoloji tapıntıların yaşlarını təyin edib. Tədqiqatlar zamanı o, Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin e.ə. 3514-cü ilə, Ağstafa rayonunda yerləşən Həsənsu abidəsindən götürülmüş nümunənin e.ə. 6432-ci ilə, Bərdə rayonu ərazisində yerləşən 3 saylı Əmirli abidəsindən götürülmüş diş və keramika nümunələrinin isə e.ə. 5937-ci il və e.ə. 6189-cu ilə aid olduğunu sübut etmişdir.

Radiasiya Problemləri İnstitutunun xüsusi laboratoriyasında alınmış Qalayeri və Həsənsu abidələrinə aid nəticələr RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədovun da iştirak etdiyi AMEA Rəyasət Heyətinin növbəti iclasında diqqətə çatdırılmışdır. "Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər" mövzusunda təşkil olunmuş iclasda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin məruzəsində yer almış nəticələr Rəyasət Heyəti tərəfindən müsbət rəylə qarşılanmışdır. Əmirli abidələrindən əldə olunmuş nəticələr isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun hesabatında yer almışdır.

Qeyd edək ki, Radiasiya Problemləəri İnstitutunda arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları) aparılır və tapıntıların yaşı təyin olunur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.