RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.03.2020]

Azərbaycanlı alim ABŞ-da keçirilən Beynəlxalq Konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Radiokimya” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov ABŞ-nın Los Angeles şəhərində keçirilən “Kataliz və kimya mühəndisliyi” CCE-2020 IV Beynəlxalq Konfransında iştirak edib.

Dünyanın inkişaf etmiş ölkələrinin elm və təhsil mərkəzlərinin aparıcı alimlərinin iştirak etdiyi Konfransda kataliz və kimya mühəndisliyi sahəsinin ən yeni nəaliyyətləri müzakirə edilib, eləcə də perspektiv layihələr, mühəndis-texnologiyasının aktual mövzuları barədə işgüzar fikir mübadiləsi aparılıb.

Sözügedən Konfransda çıxış edən X.Məmmədovun “Təbii radionüklidlərin ətraf mühit obyektlərində gedən proseslərdə iştirakı. Ağır metallarla və radionüklidlərlə çirklənmiş torpaqların və üzvi tullantılarla çirklənmiş suların təmizlənmə üsullarının öyrənilməsi” mövzusunda təqdimatı bu sahədə qabaqcıl ölkələrdən olan ABŞ, Braziliya, Qazaxstan, Rusiya, Yaponiya, Hindistan və Macarıstan kimi ölkələrin elmi müəssisələrinin aparıcı alim və mütəxəssislərinin böyük marağına səbəb olub.

Sonda təqdimata fəxri sertifikat təqdim edilib.

Konfrans çərçivəsində Emory Universitetinin (Atlanta, Kaliforniya, ABŞ) professoru, Nobel mükafatı nominantı Craig L. Hill, Stanford Universitetinin (Stanford, Kaliforniya) professoru Michal Bajdich, Şimali Karolina NC A-T Universitetinin NSF-CREST Bioenerji Mərkəzinin (Greensboro, Şimali Karolina, ABŞ) professoru Debashis Cuila, Al-Farabi Qazax Milli Universitetinin (Qazaxstan) professoru Gülmira Yar-Muxamedova və San Paolo Federal Universitetinin professoru Yvan Jesus Olortiga Asencios və digər tanınmış alimlərlə mühazirə mövzusu ətrafında və X.Məmmədov tərəfindən ABŞ dövrü elmi ədəbiyyatında dərc etdirilmiş məqalə barəsində geniş fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.